Statistika: mərhələni “Qarabağ” keçəcək!

“Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Assist.az xəbər verir ki, Bakıda 3:2 hesabı ilə qalib gələn Ağdam klubu İsveçrədə “Sürix” üzərində üstünlüyü qorumağa çalışacaq.
“Atlılar” buna qədər 11 dəfə ilk oyunu minimal üstünlüklə başa vurub. Bunların 10-da mərhələ keçən tərəf təmsilçimiz olub. Evdəki 1 top fərqli qələbədən sonra 4 dəfə səfərə yollanan komanda hər bir halda rəqib meydanında məğlubiyyətlə üzləşib. Bunların 2-də rəqib meydanında da qalib gələn təmsilçimiz, birində səfər qolu, digərində əlavə vaxtda vurulan topla növbəti mərhələyə keçib.
Komanda bir dəfə də İsveçrə təmsilçisi ilə ilk oyunu minimal üstünlüklə başa vurub. Rəqib meydanında “Yanq Boyz”a 1:0 qalib gələn Qurban Qurbanovun komandası Bakıda 3 cavabsız qolla qələbə qazanaraq, mərhələ adlayıb.
Yeganə uğursuzluq Çempionlar Liqasının 2019/20 mövsümündə qeydə alınıb. Kiprdə APOEL-ə 1:0 qalib gələn ağdamlılar Bakıda 0:2 yenilərək, Avropa Liqasına düşüb.“Qarabağ”ın ilk oyunu minimal fərqlə qalib bitirdiyi avrokubok duelləri:
Avropa Liqası, 2009/10 mövsümü
III təsnifat mərhələsi
“Honka” (Finlandiya) – “Qarabağ” – 0:1
“Qarabağ” – “Honda” – 2:1
Avropa Liqası, 2010/11 mövsümü
II təsnifat mərhələsi
“Portdaun” (Şimali İrlandiya) – “Qarabağ” – 0:1
“Qarabağ” – “Portdaun” – 1:1
III təsnifat mərhələsi
“Visla” (Polşa) – “Qarabağ” – 0:1
“Qarabağ” – “Visla” – 3:2.
Avropa Liqası, 2013/14 mövsümü
I təsnifat mərhələsi
“Metallurq” (Şimali Makedoniya) – “Qarabağ” – 0:1
“Qarabağ” – “Metallurq” – 1:0
II təsnifat mərhələsi
“Qarabağ” – “Pyast” (Polşa) – 2:1
“Pyast” – “Qarabağ” – 2:1 (əlavə vaxt – 2:2)
III təsnifat mərhələsi
“Qarabağ” – “Gefle” (İsveç) – 1:0
“Gefle” – “Qarabağ” – 0:2
Çempionlar Liqası, 2014/15 mövsümü
I təsnifat mərhələsi
“Valetta” (Malta) – “Qarabağ” – 0:1
“Qarabağ” – “Valetta” – 4:0
Avropa Liqası, 2015/16 mövsümü
Pley-off
“Yanq Boyz” (İsveçrə) – “Qarabağ” – 0:1
“Qarabağ” – “Yanq Boyz” – 3:0
Çempionlar Liqası, 2017/18 mövsümü
Pley-off
“Qarabağ” – “Kopenhagen” (Danimarka) – 1:0
“Kopenhagen” – “Qarabağ” – 2:1 (səfər qoluna görə “Qarabağ” ÇL qrupuna düşüb)
Çempionlar Liqası, 2019/20 mövsümü
III təsnifat mərhələsi
APOEL (Kipr) – “Qarabağ” – 0:1
“Qarabağ” – APOEL – 0:2
Konfrans Liqası, 2021/22 mövsümü
Pley-off
“Qarabağ” – “Aberdin” (Şotlandiya) – 1:0
“Aberdin” – “Qarabağ” – 1:3
“Sürix”də vəziyyət necədir?
İsveçrə klubunda isə durum fərqlidir. “Sürix” avrokubokların təsnifat mərhələsində ilk oyunda 22 dəfə uduzub və bundan sonra heç vaxt geridönüş edə bilməyib. Komanda 12 cavab oyununda da yenilgi ilə üzləşib. İsveçrəlilər 6 halda qələbə qazansalar da, ümumi hesabda yenilgi ilə üzləşib. 3 heç-heçə qeydə alınıbsa, 1 dəfə də “Sürix” eyni hesabla qalib gəlib. Ancaq əlavə vaxtdan sonra mübarizəni dayandırıb.
Statistika “Qarabağ”ın belə üstünlüyü qorumağı bacardığını, “Sürix”in isə məğlubiyyətdən sonra geriliyi aradan qaldıra bilmədiyini göstərir.