Riçard Almeyda: "APOEL-in bəxti gətirdi"

Riçard Almeyda: "APOEL-in bəxti gətirdi"

"Qarabağ" Avropa Liqasının 3-cü turunda Kiprin APOEL komandası ilə qarşılaşıb və matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Assist.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Riçard Almeyda oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Oyundan məmnun qaldınızmı?

- Ümumilikdə oyun barədə fikirlərim pozitivdir. Həftəboyu məşqlərdə nələrin üzərində çalışmışdıqsa, bu gün meydanda onu reallaşdırmağa çalışdıq. Əgər məğlub oluruqsa, heç-heçə ediriksə və ya qələbə qazanırıqsa, bunu hamılıqla edirik. Səhvlər də qaçılmazdır. Bu gün gözəl oyun sərgilədik, çoxlu qol vəziyyəti yaratdıq. Kiprdə qələbə qazanmaq üçün burdakından üç dəfə yaxşı oynamalıyıq.

- "Qarabağ"ın heyətində meydanda ikinci ən yaşlı oyunçu olsanız da, 90 dəqiqə dayanmadan mübarizə apardınız...

- Yaş kağız üzərində olur. Əgər düzgün qidalanıb, orqanizmini qoruyursansa, peşəkar futbolçuya xas olan bütün işləri görürsənsə və mükəmməl ailən varsa, yaş önəmli olmur.

- Necə düşünürsünüz, nəticə oyuna görə oldu?

- Mən də sizdən soruşmaq istərdim. Sizcə, ədalətli nəticə idi?

-Xeyr

- APOEL-in baş məşqçisi Tomas Doll matçdan əvvəl demişdi ki, burdan gülərək gedən mən olacağam. Sizcə, onlar gülərək gedirlər, yoxsa təəssüf hissi ilə?

- Mənə elə gəlir ki, bəxtləri gətirdiyi üçün gülərək getməlidirlər. Amma yenə də xalsız qalmaqdansa, 1 xal da qənimətdir. Başımızı yuxarı qaldırmalıyıq. Bayaq da dediyim kimi, Kiprdə xal və ya xallar qazanmaq üçün bundan yaxşı çıxış etməliyik. İrəli baxmalıyıq. Dörd gün sonra çempionatda "Səbail"ə qarşı oyunumuz var. Həyat davam edir.

- Çempionatdan söz düşmüşkən, avrokubokda 30 min, çempionatda isə 300-500 azarkeşin qarşısında oynamaq çıxışınıza nə dərəcədə təsir edir?

- Fərq eləmir. Əgər meydana çıxırsansa, tribunada 10 və ya 40 nəfərin olmasının heç bir önəmi yoxdur. Qarşındakı rəqibin "Sevilya", APOEL və ya "Səbail"in olmasının da fərqi yoxdur. "Qarabağ" olaraq, hər zaman qələbə barədə düşünmüşük. 6 ildir ancaq inkişafı düşünərək, bu səviyyəyə gəlmişik. Bundan sonra da belə olacaq.