Qurban Qurbanov: "Molde-nin turnirə çox ciddi hazırlaşdığı görünür"

Qurban Qurbanov: "Molde-nin turnirə çox ciddi hazırlaşdığı görünür"

"Məni narahat edən UEFA-nın qərarı gec bildirməsidir. Püşkdən sonra desəydilər ki, görüş neytral meydanda olacaq, bizə daha rahat olardı.

Assist.az xəbər verir ki, bu fikirləri Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç Molde-si ilə keçiriləcək oyun öncəsi jurnalistlərə açıqlamasında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matça bir həftə qalmış oyunun Kiprin Larnada şəhərinə salınması narahatlıq yaradıb: "Hər bir halda bütün qaydaları tətbiq edən UEFA-dır. Biz də bu qərara hörmət etməliyik".

Təcrübəli baş məşqçi zədəli Mahir Emrelinin görüşdə iştirakının sual altında olduğunu sözlərinə əlavə edib. O, bəzi oyunçuların da yüngül zədələrinin olduğunu vurğulayıb: "Çətinliklərə baxmayaraq rəqibi yetərincə analiz etmişik və matça ümidlə yollanırıq. Molde nizam-intizamlı komandadır və fərqli sistemdə oynayırlar. Bu turnirə çox ciddi hazırlaşdıqları görünür. Belə komandalara qarşı oynamışıq. İnanıram ki, düzgün oyun qura biləcəyik".

Qeyd edək ki, sentyabrın 16-da AEK Arena-da keçiriləcək Qarabağ - Molde oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.