Jezniçak: "Təbii ki, Mahirin bombardir olmaq şansı var"

Jezniçak: "Təbii ki, Mahirin bombardir olmaq şansı var"

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak Polşanın “Legiya” komandasında çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli ilə bağlı fikirlərini bölüşüb.

Assist.az “sportowefakty.wp.pl” saytına istinadən xəbər verir ki, hazırda Polşanın “Visla” komandasında çıxış edən müdafiəçi, Emrelinin “Legiya”da bombardir olmaq şansının olduğunu deyib:

“Bude-Qlimt”lə ilk oyun Mahir üçün çox vacib idi. Bu matç ona güvən verəcək. Düzdür, yoxlama oyunlarında qol vurmuşdu. Ancaq rəsmi oyunda da fərqlənməsi ona çox kömək olacaq.

Təbii ki, Mahirin bombardir olmaq şansı var. Neçə oyun oynayacağını, digər hücumçu Tomaş Pekqartın qalıb-qalmayacağını bilmirik. Ancaq Mahir davamlı oynasa, ümid edirəm ki, 20-dən çox qol vurar”.

Jezniçak Mahirin “Legiya”dan təklif aldığı zaman onunla məsləhətləşdiyini söyləyib:

“Etiraf etməliyəm ki, Mahir mənim fikrimi öyrəndi. Çoxlu təklifləri var idi. Onunla iki il birlikdə oynamışam. Ona “Legiya”nı məsləhət gördüm. Möhtəşəm komandaya, azarkeşlərə və yaxşı şərtlərə sahib olacağını dedim. Həm də “Legiya”nın “Qarabağ” kimi oynadığını bildirdim. Hər iki komanda çempionatlarında liderlik edirlər. Mahirin “Legiya”da yaxşı imkanları olacaq.

Bakıda Mahirlə çox vaxt keçirmişəm. Tək meydanda deyil, meydandan kənarda da yaxşı əlaqəmiz var idi. Dinin tələblərinə əməl etsə də, bu, onun gündəlik həyatına mane olmur. Mahirin Polşaya uyğunlaşmasında bir problem olmayacaq. Marko Vesoviçin xanımı “Legiya”nı reabilitasiya zamanı onun ərinə qarşı kobud rəftarda ittiham etmişdi. Bu məsələ Mahiri bir az qorxutmuşdu. Məndən bu barədə soruşanda yalan olduğunu söylədim”.

Jezniçak “Legiya”nın Mahirin gələcəyi üçün düzgün seçim olduğunu deyib:

“Qarabağ”da yaxşı qazanırdı. Bu klub azərbaycanlı futbolçulara yaxşı maaş verir. Mahirə dedim ki, inkişaf istəyirsənsə, “Legiya”nı seç. Bir müddət burada oynadıqdan sonra daha yaxşı liqaya getmək istəyir. Bu baxımdan “Legiya” ən uyğun seçimdir. Çünki Polşa çempionatını daimi olaraq bir çox skautlar izləyir. Razılaşaq ki, Azərbaycan çempionatını demək olar heç bir skaut izləmir. Buna görə də “Legiya” Mahirə daha çox imkanlar verir. Mahir daha irəli getmək üçün özünü göstərməli, sübut etməlidir. “Legiya” da bundan faydalanacaq”.