Mançesterin bir klubundan rekord, digərindən isə anti-rekord!

Mançesterin bir klubundan rekord, digərindən isə anti-rekord!

İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış “Mançester Siti” -  “Mançester Yunayted” (2:0) oyunu maraqlı məqamları ilə diqqət çəkib.

 

Assist.az xəbər verir ki, qarşılaşmada 2 dəfə fərqlənən “Mançester Siti” bu mövsüm bütün turnirlər daxil olmaqla 157 qol vurub. Bu, “şəhərlilər”in klub tarixində bir mövsümdə vurulan ən çox qoldur. Bundan əvvəlki rekord 156 qolla, 2013/14 mövsümündə qeydə alınmışdı. Eyni zamanda, Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda ardıcıl 3 mövsümdür ki, Premyer Liqada “Mançester Yunayted”i səfərdə üstələyir. Belə ki, İspan mütəxəssisdən əvvəl heç kim bunu bacarmayıb. 

 

Qarşılaşma “Mançester Yunayted” üçün isə anti-rekordla yadda qalıb.  Belə ki, 2 qol buraxan "qırmızı şeytanlar" Premyer Liqada bu mövsüm 50-ci dəfə qapılarında top görüblər. “Qırmızı şeytanlar” son dəfə 1978/79 mövsümündə 50-dən çox qol buraxmışdı.

 

Xatırladaq ki, İngiltərə Premyer Liqasına 89 xalla “Mançester Siti” başçılıq edir.  88 xalla sahib “Liverpul” ikincidir. Aktivində  64 xalı olan “Mançester Yunayted” isə 6-cı pillədə qərarlaşıb.