"Mən bura maskot olmaq üçün qayıtmıram, səs-küy yaratmalıyıq"

"Mən bura maskot olmaq üçün qayıtmıram, səs-küy yaratmalıyıq"

Milan Zlatan İbrahimoviçlə başa çatan müqaviləsini yeniləyib.

Assist.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya təmsilçisinin sosial şəbəkə hesablarında “Zlatan qayıtdı” başlığı ilə paylaşım edilib.

A Seriya klubu uzun müddətdir 39 yaşlı hücumçu ilə maddi səbəblərə görə müqaviləni yeniləmək üçün razılığa gələ bilmirdi. Z.İbrahimoviç Milan-a bu ilin yanvarında Los Angeles Galaxy-dən keçib.

İsveçli ulduz klubun saytına açıqlamasında bunları deyib: “Nəhayət, bütün detallar həll edildi və özümü evimdəki kimi hiss etdiyim yerə qayıda bilərəm. İndi qarşıda ağır işlərimiz var. Çox məşq etməliyik.

Həmişə dediyim kimi, mən buraya maskot olmaq naminə gəlmirəm. Nəticə vermək, komandaya və məşqçiyə kömək etmək, eləcə də Milan-ı layiq olduğu yerdə görmək üçün buradayam.

Ötən mövsümün ikinci yarısından yaxşı çıxış etməyə başladıq. Lakin heç bir kubok qazanmadıq. Bu çempionata Milan-la birlikdə başlamışam. Qalib gəlmək üçün başladığımız işləri davam etdirməliyik. Səylə məşq etməli və meydanda bütün gücümüzü ortaya qoymalıyıq.

Bütün azarkeşləri salamlayıram. Ümid edirəm ki, tezliklə stadiona qayıdıb, bizim yanımızda olacaqlar. Çünki onların dəstəyinizə ehtiyacımız var. Birlikdə “San Siro"da səs-küy yaratmalıyıq".