Kopa Amerika: Brazilya Argentinaya qarşı

Kopa Amerika: Brazilya Argentinaya qarşı

Bu gecə Kopa Amerika turnirində yarımfinal mərhələsinə start verilir. Assist.az xəbər verir ki, ilk qarşılaşmada Brazilya və Argentina final uğurunda "döyüşəcəklər".

Turnirə ev sahibliyi edən və əsas favoritlərdən sayılan Brazilya "A" qrupunu lider kimi tamamlayıb. 1/4 finalda isə Paraqvay millisini penaltilər seriyasında məğlub edərək yarımfinala vəsiqə qazanıb. Uğursuz startdan sonra "B" qrupunu 2-ci pillədə bitirən Argentina isə son qarşılaşmada Venesuelanı məğlub edərək Brazilyaya rəqib olub.

Şübhəsiz ki, bu gərgin oyunda əsas diqqət Messi üzərində olacaq. Potensialından olduqca aşağı oyun nümayiş etdirən super ulduz rəqibindən zəif görünən Argentinanın əsas üstünlüyü olacaq.
Brazilyadan isə zədə səbəbilə turnirdən kənar qalan Neymarın yoxluğunda Koutinyo, Jesus və Firmino üçlüsü ön plana çıxacaq. Bu matçı qazanan tərəf iyulun 7-si Marakanada keçiriləcək finala vəsiqə qazanacaq.

Oyundan əvvəl açıqlama verən Tiaqo Silva Messiyə xüsusi diqqət yetirməli olduqlarını deyib: "Messi dünyanın ən güclü futbolçusudur. Topun kimdə olmasından asılı olmayaraq onu daim nəzarətdə saxlamalıyıq".


Tərəflər arasında keçirilən son oyunda Brazilya millisi 1:0 hesablı qələbə qazanıb. Ümumilikdə isə son 20 oyuna nəzər saldıqda, yenə də meydan sahiblərinin üstünlüyünü görürük - 10 qələbə, 5 məğlubiyyət və 5 bərabərlik.

Bakı vaxtı ilə saat 04:30-da başlanacaq qarşılaşma TRT Spordan yayımlanacaq.