Avropa Liqasında daha iki matçın yeri dəyişdirildi

UEFA futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin daha iki oyununun yerini dəyişdirməyə qərar verib.
Assist.az xəbər verir ki, bu mərhələnin Volfsberger (Avstriya) – Tottenham (İngiltərə) və Arsenal (İngiltərə) – Benfica (Portuqaliya) görüşləri öncədən nəzərdə tutulmuş stadionlarda keçirilməyəcək.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Buna koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydaları və məhdudiyyətlər səbəb göstərilir.
Tottenham-in Volfsberger-lə ilk oyunu fevralın 18-də Avstriyada keçirilməli idi. Lakin bu komandaları arasındakı ilk matç Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.
Arsenal-la Benfica-nın isə fevralın 25-də Londonda keçirilməli olan cavab qarşılaşması Yunanıstanda baş tutacaq. Sözügedən matç Olympiacos-un stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Arsenal-ın Benfica ilə fevralın 18-də keçirilməli olan ilk matçı da Portuqaliyada yox, İtaliyanın paytaxtı Romada, Olimpiko stadionunda baş tutacaq. Daha öncə həmin günə nəzərdə tutulan görüşlərdən Molde (Norveç) – Hoffenheim (Almaniya) görüşü Vilyarrealdakı Seramika, Real Sociedad (İspaniya) – Manchester United (İngiltərə) matçı isə Turindəki Juventus stadionuna təyin olunmuşdu.