Avro-2020: Millimiz Xorvatiyadan xal aldı

Avro-2020: Millimiz Xorvatiyadan xal aldı

Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində beşinci oyununu keçirib.

Assist.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Xorvatiya yığması ilə qarşılaşıb.

Oyuna hücumlarla başlayan qonaqlar artıq 6-cı dəqiqədə hesabı açmağa yaxın olublar. Modriçin zərbəsindən sonra top müdafiəçiyə dəyib istiqamətini dəyişsə də, Balayev əla reaksiya nümayiş etdirərək qola mane olub. Ancaq Xorvatiya yığmasının kapitanı 5 dəqiqə sonra istəyinə çatıb. Modriç Krivotsyukun əllə oynamasından sonra təyin edilən penaltini dəqiq yerinə yetirib - 1:0.

Buraxılan qoldan sonra oyunda nisbətən tarazılıq yaranıb. Əks-hücumlara bel bağlayan Azərbaycan millisi irəlidə Şeydayevin timsalında rəqib qapısında təhlükə yaratmağa çalışıb. Bu hücumlardan ən təhlükəlisi 32-ci dəqiqəyə təsadüf edib. 22 yaşlı forvardın sağdan iti bucaq altında vurduğu topu rəqib qapıçı dəf edib. İlk yarının son dəqiqəsində Qarayevin ara ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Nazarov topu tora yollasa da, ofsayd qeydə alınıb.

Yurçeviç fasilədə etdiyi əvəzləmə oyunun taleyini həll edib. Təmkin Xəlilzadə 72-ci dəqiqədə Xorvatiya müdafiəsini təkbaşına keçərək hesabı bərabərləşdirən qola imza atıb - 1:1. Bir qədər sonra Azərbaycan millisi önə keçməyə yaxın olub. Xəlilzadə əlverişli mövqedən ötürmə etmək istəsə də cəhdi uğursuz alınıb.

Beləliklə, oyun heç-heçə başa çatıb və Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb.