Ailton: "Oyundasansa səhv etməlisən"

Ailton: "Oyundasansa səhv etməlisən"

“Oyun ağır keçdi. Hər iki komanda qələbəyə köklənmişdi. Oyun da bunu göstərirdi. Ümid edirəm ki, bu komanda ilə cavab oyununda da xal qazanacağıq. Ümumi götürsək, bugünkü heç-heçəni pis nəticə saymaq olmaz”.

Assist.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ailton Silva Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı müdafiəçi çətin qarşılaşma olduğunu deyib: “Biz əlimizdən gələni etdik. Siz də gördünüz ki, rəqib necə müdafiəyə qapanmışdı. APOEL-in müdafiəsini yarmaq çox da asan olmadı. Ən azından biz əlimizdən gələni etdik. Amma futbolda hər zaman hər istədiyin olmur. Buna görə də üzülməyə dəyməz”.

"Qarabağ"ın bərabərlik qolunu vuran 24 yaşlı futbolçu həm bu, həm də etdiyi səhvlər barədə danışıb: “Əgər sən oyundasansa, səhv etməyin qaçılmaz olur. Təbii ki, çalışmalısan ki, səhv etməyəsən. Amma hər zaman istədiyin kimi olmur. İlk buraxdığımız qolda qaydanı pozduğum epizoddan sonra topun qarşısını ala bilərdik, amma bunu bacarmadıq. Qol vurmağıma gəldikdə isə mən hücumameyilli oyunçuyam. Ancaq çalışacağam ki, daha da öz üzərimdə işləyib, qarşıdakı oyunlarda komandama kömək edim”.